Misirin Ayn Şams Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, rozmarin ekstraktı kimyaterapiya alan insanlarda yaddaş və diqqət problemlərini yüngülləşdirə bilər. Araşdırmanın nəticələri Food & Function (F&F) jurnalında dərc olunub.
Alimlər siçovullarda oksaliplatin preparatı vasitəsilə koqnitiv pozuntular yaradıb, daha sonra bu pozuntuların korreksiyası üçün rozmarin ekstraktını spirtli məhlul və nanohissəciklər formasında tətbiq ediblər.
Tədqiqat göstərib ki, rozmarin öyrənmə və yaddaşa cavabdeh olan hipokamp sahəsində zədələnməni azaldır. Bundan əlavə, heyvanlarda davranış, yaddaş və diqqət göstəricilərində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub.
Biokimyəvi analizlər rozmarinin sinir hüceyrələrində antioksidant müdafiəni bərpa etdiyini, iltihabi prosesləri azaltdığını və neyronların məhvinə səbəb olan molekulyar mexanizmlərin aktivləşməsini blokladığını göstərib. Eyni zamanda, beynin struktur və funksiyalarının qorunmasında mühüm rol oynayan Wnt/β-katenin siqnal yolunun aktivliyinin artdığı qeyd edilib.
Vacib məqam ondan ibarətdir ki, rozmarin ekstraktı oksaliplatinin şiş əleyhinə effektivliyini azaltmayıb, bu da onun gələcək klinik tətbiqi baxımından əhəmiyyətlidir.

