Acqarına yatmaq qlükoza səviyyəsinin həddindən artıq düşməsi səbəbindən üşütmə və baş ağrısına səbəb ola bilər.
Bu barədə NEWS.ru-ya nutrisioloq, aktiv uzunömürlülük üzrə ekspert Yelena Jelyanina bildirib.
Onun sözlərinə görə, axşam yeməyi ilə gecə istirahəti arasında çox uzun fasilə orqanizm üçün əlavə stress yaradır. Mütəxəssis qeyd edib ki, acqarına yatmağın faydalı vərdiş olması barədə fikir mifdir.
Jelyanina bildirib ki, insan güclü aclıq hissi ilə yatdıqda qlükoza səviyyəsi həddindən artıq aşağı düşə bilər. Bu hal xüsusilə karbohidrat mübadiləsinin pozulması və ya metabolik sindromu olan insanlarda müşahidə oluna bilər. Belə vəziyyətdə orqanizm bunu enerji çatışmazlığı siqnalı kimi qəbul edir və stress mexanizmləri aktivləşə bilər.

Nəticədə insan keyfiyyətli yuxu əvəzinə gecə oyana, narahatlıq, ürək döyüntüsünün sürətlənməsi, üşütmə və baş ağrısı hiss edə bilər.
Ekspert əlavə edib ki, bu, axşam yeməyinin ağır və gec saatlarda qəbul edilməli olduğu anlamına gəlmir. Onun sözlərinə görə, aktiv həzm prosesi orqanizmin bərpa mərhələsinə keçməsinə mane olur. Buna görə də axşam yeməyi insanın fərdi rejimi və fiziki aktivlik səviyyəsi nəzərə alınmaqla seçilməlidir.

