Səhər oyandıqdan sonra aclıq hissinin olmaması çox vaxt orqanizmin xüsusiyyətləri ilə deyil, yanlış qidalanma rejimi və gec yeməklərlə bağlıdır. Bu barədə məşqçi və nutrisioloq Olqa Yablokova NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər qida yatmazdan az əvvəl qəbul olunursa, həzm sistemi gecə ərzində aktiv işləməyə davam edir və nəticədə səhər təbii aclıq hissi zəifləyə bilər.
“Oyandıqdan sonra aclıq hissinin olmaması əksər hallarda orqanizmin xüsusiyyətləri ilə deyil, qidalanma rejimi ilə bağlıdır. Ən yayılmış səbəblərdən biri gec şam yeməyi və ya yatmazdan əvvəl qəlyanaltıdır. Əgər qida gec saatlarda qəbul olunursa, həzm sistemi gecə də işləyir və səhər aclıq hissi daha gec yaranır. Bundan əlavə, yuxu rejimi də təsir edir. İnsan gec yatırsa və ya az yatırsa, bu, aclıq və toxluq hissini tənzimləyən hormonların fəaliyyətini pozur”, – deyə Yablokova izah edib.
Ekspert əlavə edib ki, səhər yeməyi oyandıqdan sonra ilk bir saat ərzində planlaşdırılmalıdır. Onun fikrincə, bu, həm enerji səviyyəsini qorumağa kömək edir, həm də qidalanma rejimini daha sağlam edir.

