Yay meyvələrindən maksimum fayda əldə etmək üçün porsiya nəzarətinə diqqət etmək lazımdır.
Bu barədə Türkiyənin qidalanma və dietologiya mütəxəssisi Derya Eren bildirib.
Mütəxəssis qarpız, qovun, albalı, çiyələk, üzüm və gavalının ideal istehlak miqdarını açıqlayıb.

Albalı üçün ideal porsiya 13-15 ədəd iri meyvə hesab olunur. Albalı vitamin və mineral tərkibi ilə yanaşı, orqanizm üçün faydalı antioksidantlarla da zəngindir.
Çiyələk üçün ideal porsiya 7-8 ədəd iri və ya 15 ədəd orta ölçülü meyvədir. Çiyələk C vitamini, B qrupu vitaminləri, K və E vitaminləri, həmçinin kalsium, dəmir, maqnezium və mis baxımından zəngindir. Tərkibindəki antioksidantlar orqanizmi iltihabi proseslərdən qorumağa, pis xolesterinin azalmasına və qan şəkərinin tənzimlənməsinə kömək edə bilər. Lakin çiyələk allergik reaksiyalara səbəb ola bilən meyvələrdən sayılır. Pestisid qalıqlarını azaltmaq üçün onu yuduqdan sonra 5-10 dəqiqə karbonatlı suda saxlamaq, daha sonra yenidən durulamaq tövsiyə olunur.
Gavalı üçün ideal porsiya 9-10 ədəd hesab edilir. Gavalı C, A və K vitaminləri, B qrupu vitaminləri, kalium, kalsium, dəmir və maqneziumla zəngindir. Tərkibindəki antioksidantlar immun sistemini dəstəkləyir, dəmirin mənimsənilməsinə kömək edir, sümük və dəri sağlamlığına müsbət təsir göstərir. Lifli tərkibi sayəsində toxluq hissini artırır, həzm sisteminin fəaliyyətini dəstəkləyir və qəbizliyin qarşısını almağa kömək edir.

Qarpız üçün ideal porsiya üç barmaq qalınlığında iki dilimdir. Tərkibinin 90 faizdən çoxu su olan qarpız yay aylarında orqanizmin maye ehtiyacını qarşılamağa kömək edir. A, B6 və C vitaminləri, kalium və maqnezium baxımından zəngin olan bu meyvə əzələ qıcolmalarının azalmasına dəstək ola bilər. Qarpıza qırmızı rəng verən likopen isə ürək-damar xəstəlikləri, diabet və bəzi digər sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərə bilər. Qarpız və qovun kəsilməzdən əvvəl yuyulmalıdır ki, qabıq səthindəki bakteriyalar bıçaq vasitəsilə iç hissəyə keçməsin.
Qovun üçün ideal porsiya üç barmaq enində və uzunluğunda iki dilimdir. Qovun A, C, B və K vitaminləri, kalium, maqnezium, manqan və mis kimi minerallarla zəngindir. Yüksək su və lif tərkibi həzm sisteminin normal fəaliyyətinə kömək edir, kalium isə qan təzyiqinin tənzimlənməsinə dəstək olur. Bununla belə, qovun yüksək qlikemik indeksə malik olduğu üçün diabetli şəxslər onu nəzarətli miqdarda qəbul etməlidirlər.

Üzüm üçün ideal porsiya 20 ədəd iri və ya 25-30 ədəd kiçik üzümdür. Üzüm vitamin və minerallarla yanaşı, antosiyanin, flavanol, fenolik turşular, kateşin və resveratrol kimi antioksidant birləşmələrlə zəngindir. Xüsusilə qara üzümdə olan resveratrol ürək-damar sağlamlığını dəstəkləyə bilər. Lakin üzüm yüksək qlikemik indeksə malik olduğundan diabetli şəxslər tərəfindən ölçülü şəkildə qəbul edilməlidir.
Mütəxəssis qeyd edib ki, yay meyvələri faydalı olsa da, onların həddindən artıq qəbulu qan şəkərinin yüksəlməsinə, həzm problemlərinə və artıq kalori qəbuluna səbəb ola bilər. Buna görə meyvələr gündəlik qidalanmada ölçülü şəkildə istifadə edilməlidir.

