Niderlandda arıqlama iynələrindən istifadə ilə bağlı zəhərlənmə müraciətlərinin sayı artıb.
Bu barədə NOS Niderland Milli Zəhərlənmə Məlumat Mərkəzinin məlumatlarına istinadən xəbər yayıb.
Bildirilib ki, arıqlama iynələrindən istifadə edənlərlə bağlı müraciətlərin sayı 2024-cü ildə 76 olduğu halda, 2025-ci ildə 149-a yüksəlib.
Rəsmilər qeyd ediblər ki, bütün zəhərlənmə halları qeydə alınmadığı üçün real rəqəmin daha yüksək ola biləcəyi istisna edilmir.
Məlumata görə, hadisələrin əhəmiyyətli hissəsi dərmanların reseptsiz və ya həkim nəzarəti olmadan istifadəsi ilə bağlıdır. Halların təxminən 40 faizi isə preparatların rəsmi səhiyyə kanallarından kənar yollarla əldə edilməsi ilə əlaqələndirilir.
Mütəxəssislər bu vəziyyəti narahatedici adlandıraraq, arıqlama iynələrinin həkim nəzarəti olmadan qeyri-rəsmi yollarla əldə edildiyi bazarın getdikcə genişləndiyini bildiriblər.
Onlar xəbərdarlıq ediblər ki, nəzarətli istifadədən fərdi və nəzarətsiz istifadəyə keçid yanlış doza qəbulu və yan təsir riskini artırır.
Qeyd olunur ki, həddindən artıq doza və ya yanlış istifadə təcili tibbi müdaxilə tələb edən kəskin əlamətlərə səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə qaraciyər, böyrəklər və sinir sistemi üçün potensial risklər yarada bilər.

