Böyük Britaniyada aparılan araşdırma GLP-1 tipli arıqlama dərmanlarından istifadə edən şəxslərin yaşadığı ailələrdə market xərclərinin azaldığını göstərib.
The Guardian qəzetinin məlumatına görə, Worldpanel by Numerator araşdırma şirkəti 11 600-dən çox ailənin alış-veriş xərclərini təhlil edib. Araşdırmada Mounjaro və Wegovy kimi arıqlama dərmanlarının istifadəsinin artmasının ailələrin ərzaq alış-verişinə də təsir göstərdiyi bildirilib.
Məlumata əsasən, GLP-1 dərmanlarından istifadə edən ən azı bir şəxsin yaşadığı ailələr bu dərmanlara başladıqdan sonrakı bir il ərzində oxşar ailələrlə müqayisədə gözləniləndən 780 milyon funt sterlinq daha az market xərci edib.
Bu göstərici arıqlama dərmanı istifadəçilərinin olduğu ailələrdə, belə istifadəçi olmayan ailələrlə müqayisədə illik 418 funt sterlinqlik azalma deməkdir.
Araşdırmaya görə, Böyük Britaniyada ailələrin 6,3 faizindən çoxunda ən azı bir GLP-1 istifadəçisi var. Bu göstərici 2025-ci ildə 4,1 faiz, 2024-cü ildə isə 2,3 faiz təşkil edib.
Worldpanel by Numerator-un ictimai sektor və qidalanma bölməsinin rəhbəri Şantel Kennau bildirib ki, bu dərmanlar insanların qida və içki ilə münasibətini əsaslı şəkildə dəyişir. Onun sözlərinə görə, bu təsirlər artıq market və həyat tərzi sahələrində hiss olunur, brendləri və biznesləri isə sürətlə uyğunlaşmağa məcbur edir.

Araşdırmada iştirak edən arıqlama iynəsi istifadəçilərinin 54 faizi iştahasının və yemək barədə düşüncələrinin azaldığını, 11 faizi isə əvvəllər sevdiyi bəzi qida və içkilərdən artıq zövq almadığını bildirib.
İstifadəçilərin 75 faizi daha az şokolad, 72 faizi isə daha az çips qəbul etdiyini qeyd edib.

Kennau bildirib ki, əvvəllər əsasən 2-ci tip diabetin müalicəsi üçün təyin edilən bu dərmanlar bir neçə il ərzində daha geniş istifadə olunan vasitəyə çevrilib. Onun sözlərinə görə, hazırda istifadəçilərin 68 faizi GLP-1 dərmanlarından məhz arıqlamaq məqsədilə istifadə edir.

