Soyuducuda saxlanılan gözaltı patçlar tonuslandırıcı təsiri artırsa da, bəzi hallarda təhlükəli damar spazmına səbəb ola bilər.
Bu barədə NEWS.ru-ya kosmetoloq Mariyat Muxina bildirib.
Onun sözlərinə görə, soyuq patçlar göz ətrafı nahiyədə damarların daralmasına səbəb ola bilər. Bu reaksiya vazokonstriksiya adlanır və göz almasını, eləcə də görmə sinirini qidalandıran kapilyarlara təsir göstərə bilər.
“Soyuq allergiyası lokal təsirlər zamanı, o cümlədən soyuducuda saxlanılan patçlardan istifadə edildikdə özünü göstərə bilər. Göz ətrafı nahiyə soyuğa qarşı çox həssasdır. Bu zaman kapilyarların və hətta göz almasını, görmə sinirini qanla təmin edən daha iri damarların daralması baş verə bilər”, — deyə Muxina bildirib.
Kosmetoloq qeyd edib ki, immunitet zəiflədikdə belə təsirlər virus və bakteriyaların aktivləşməsinə də səbəb ola bilər. Nəticədə xalyazion və ya herpes yarana bilər.
Mütəxəssis əlavə edib ki, normal halda bu reaksiyalar qısamüddətli olur. Patçlar çıxarıldıqdan sonra damarlar reflektor şəkildə genişlənir və qan dövranı normallaşır.
Bununla belə, kosmetoloq qısa müddətli soyuq təsirin isti təsirlə növbələşdirilməsini faydalı hesab edir. Onun sözlərinə görə, temperatur dəyişməsi damar divarlarını “məşq etdirir” və limfa axınını yaxşılaşdırır.
“Qısa müddətli soyuq spazmı damarları genişləndirən istilik təsiri ilə növbələşdirmək faydalı ola bilər. Bu, təkcə qan damarları üçün deyil, limfa damarları üçün də bir növ ‘məşq’ rolunu oynayır. Belə yanaşma qan və limfanı hərəkətə gətirən damar pompası kimi işləyir”, — deyə mütəxəssis izah edib.
Lakin Muxina xəbərdarlıq edib ki, patçların tərkibindəki hidrogel temperatur dəyişiklikləri zamanı öz xüsusiyyətini itirə və ya qızdırıldıqda strukturunu dəyişə bilər. Soyuq təsir nəticəsində isə kristallar əmələ gələ bilər ki, bu da göz qapaqlarının dərisini cıza bilər.
Kosmetoloq belə məhsullardan istifadə zamanı diqqətli olmağı tövsiyə edib.

