Bədəndə səbəbsiz və tez-tez göyərmələrin yaranması müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər.
Bu barədə “Veçernyaya Moskva”ya açıqlamasında qastroenteroloq Tatyana Terexova xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, patoloji göyərmələr vitamin və mikroelement çatışmazlığı, qanın laxtalanma pozuntuları, qaraciyərin fəaliyyətində problemlər, həmçinin endokrin və autoimmun xəstəliklər fonunda yarana bilər.
Terexova bildirib ki, bəzi hallarda bu cür göyərmələr onkoloji xəstəliklərin və ya yaşla bağlı dəyişikliklərin də əlaməti ola bilər.
Mütəxəssis qeyd edib ki, autoimmun xəstəliklər zamanı damar divarında iltihab yarana və nəticədə hematomaların əmələ gəlməsinə meyil arta bilər.
Onun sözlərinə görə, qaraciyər qanın normal laxtalanması üçün vacib olan bir sıra zülalların sintezinə cavabdehdir. Bu orqanın xəstəlikləri qanaxmaya meyli artıraraq bədəndə göyərmələrin yaranmasına səbəb ola bilər.

Həkim əlavə edib ki, bəzi dərman preparatları da göyərmələrin yaranmasına təsir göstərə bilər. Bunlara antibiotiklər, antikoaqulyantlar, qeyri-steroid iltihabəleyhinə dərmanlar və hormonal kontraseptivlər daxildir.
Terexova bildirib ki, göyərmələrin daha az bilinən səbəblərindən biri də varikoz damar genişlənməsi ola bilər.
Mütəxəssis qəfil və səbəbsiz hematomalar yarandığı halda həkimə müraciət etməyi və lazımi analizlərdən keçməyi tövsiyə edib.

