Şəkərli diabet uzun müddət gizli inkişaf edə bilər və xüsusilə II tip diabetdə insan illərlə xəstəliyin fərqində olmaya bilər. Buna görə həkimlər yalnız simptomlara yox, risk faktorlarına da diqqət etməyi vacib sayırlar.
Mütəxəssislərin fikrincə, diabetin ən çox rast gəlinən əlamətləri arasında tez-tez sidiyə getmə, güclü susuzluq hissi, səbəbsiz arıqlama və daimi yorğunluq var. Bundan başqa, görmənin bulanması, yaraların gec sağalması, tez-tez infeksiyalara yoluxma, əllərdə və ayaqlarda keyimə və ya qarışqa gəzməsi hissi də diabetlə bağlı ola bilər.
Risk qrupuna artıq çəkisi olanlar, az hərəkət edənlər, ailəsində diabet xəstəsi olanlar, yüksək təzyiq və xolesterin problemi yaşayanlar, hamiləlik dövründə diabet keçirmiş qadınlar, həmçinin 35 yaşdan yuxarı şəxslər daxildir.
Diabetdən şübhələnildikdə həkim adətən bir neçə əsas analiz təyin edir. Bunlardan biri acqarına qan şəkəri analizidir. Digəri isə son 2-3 ay ərzində qanda şəkərin orta səviyyəsini göstərən HbA1c analizidir.
Bəzi hallarda qlükoza tolerantlıq testi də aparılır. Bu test orqanizmin şəkəri necə mənimsədiyini göstərir. Əgər insanda diabet əlamətləri kəskin şəkildə müşahidə olunursa, həkim istənilən vaxt götürülən qan şəkəri analizindən də istifadə edə bilər.
Həkimlər xəbərdarlıq edir ki, güclü susuzluq, tez-tez sidiyə getmə, qəfil arıqlama və halsızlıq kimi əlamətlər varsa, bunu adi yorğunluqla əlaqələndirmək olmaz. Vaxtında analiz vermək diabetin erkən aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər.

