Bir çoxları hesab edir ki, şirniyyatdan sui-istifadə qaçılmaz olaraq diabetə gətirib çıxarır. RT ilə söhbətində həkim Olqa Ulankina bu məşhur mifi təkzib edərək izah edib ki, II tip şəkərli diabetin formalaşmasında əsas rol təkcə şəkərə yox, insanın ümumi qidalanma vərdişlərinə məxsusdur.
Şirniyyat diabet yaratmır
Mütəxəssisin sözlərinə görə, şəkər birbaşa diabetin səbəbi deyil. Risk o zaman artır ki, insan mütəmadi olaraq çox yeyir, sürətli karbohidratları (o cümlədən fastfudu) çox qəbul edir və artıq çəki yığır. Nəticədə orqanizm insulinə həssaslığını tədricən itirir.
Beləliklə, insulinrezistentlik yaranır — bu da II tip diabetin əsas inkişaf mexanizmidir. Hüceyrələr insulini tanımamağa başlayır, qlükoza isə qanda qalaraq damarları, ürəyi, böyrəkləri və görmə orqanlarını zədələyir.
Diabet riskini nə artırır
Xroniki xəstəliyin yaranmasına təkcə qidalanma yox, digər amillər də təsir göstərir:
-
xroniki stress
-
yuxu çatışmazlığı
-
siqaret və alkoqol
-
irsiyyət
-
aşağı fiziki aktivlik
Bu amillər nə qədər çox toplanarsa, xəstəliyin inkişaf ehtimalı bir o qədər yüksəlir.
Diabeti vaxtında niyə aşkar etmək çətindir
Şəkərli diabetin əlamətləri qeyri-müəyyəndir. Erkən mərhələlərdə xəstəlik adi yorğunluq kimi özünü göstərir. Sonradan daimi susuzluq, tez-tez sidiyə getmə və yeməkdən sonra şirniyyata meyl yaranır. Lakin bu əlamətlər də çox vaxt müvəqqəti halsızlıq kimi qiymətləndirilir.
Qanda şəkərin yüksək olması ağır fəsadlarla təhlükəlidir. Xəstəlik erkən mərhələdə aşkar edilərsə, onun inkişafını ciddi şəkildə yavaşlatmaq mümkündür. Daha yaxşısı isə diabetin qarşısını qidalanmanın normallaşdırılması, fiziki aktivliyin artırılması, zərərli vərdişlərdən imtina və genetik risk olduqda müntəzəm nəzarət yolu ilə almaqdır.
Şirniyyatdan tam imtina etməyə ehtiyac yoxdur. Həkim tərəfindən əks göstəriş yoxdursa, konfet, pirojna və peçenyenin ölçülü istifadəsi sağlamlığa mənfi təsir göstərməz. Əsas diqqət isə rasionun ümumi balansına yönəldilməlidir.

