Antidepressant qəbul edən pasiyentlərin bir hissəsində dərmanın dayandırılmasından sonra ciddi narahatlıqlar yarana bilər. Bu barədə “Gazeta.Ru”ya neyrobioloq, həkim, Bextereva adına Tədris Mərkəzinin əməkdaşı Vladimir Alipov danışıb.
Alipovun sözlərinə görə, bütün alimlər bunu birbaşa asılılıq adlandırmır. Çünki antidepressantlarda insanda dərmana qarşı psixoemosional istək formalaşmır. Lakin bəzi hallarda fiziki asılılığa bənzər vəziyyət yarana bilər.
Mütəxəssis bildirib ki, əsas risklərdən biri antidepressantların dayandırılması sindromudur. Onun sözlərinə görə, müxtəlif araşdırmalarda bu göstərici fərqli göstərilir. Məsələn, 2024-cü ildə “Lancet” jurnalında dərc edilən araşdırmada bu sindromun yaranma ehtimalı 15 faiz kimi qiymətləndirilib. Digər tədqiqatlarda isə antidepressant qəbulunu dayandıran pasiyentlərin 56-65 faizinin bu problemlə üzləşdiyi bildirilir.
Alim qeyd edib ki, dərmanı dayandırdıqdan sonra insanda ürəkbulanma, başgicəllənmə, tərləmə, bədəndə sancma və keyimə hissi, əhvalın kəskin dəyişməsi, narahatlıq, həyəcan, yuxu pozuntusu və digər əlamətlər yarana bilər.
Onun sözlərinə görə, antidepressant nə qədər uzun müddət qəbul edilirsə, dayandırma sindromunun yaranma riski də bir o qədər artır.
Alipov bildirib ki, real tibbi praktikada insanlar antidepressantları çox vaxt 6 ay, 1 il, bəzən isə daha uzun müddət qəbul edirlər. Halbuki bir çox araşdırmada dərman qəbulu müddəti əsasən 4-8 həftə çərçivəsində qiymətləndirilib.
Neyrobioloqun sözlərinə görə, bəzi tədqiqatlarda dayandırma sindromu yalnız dərman qəbulunun bitməsindən sonrakı 1-2 həftə ərzində izlənilib. Lakin bu əlamətlər hər pasiyentdə dərhal ortaya çıxmır. Bəzi insanlarda sindrom bir ay və ya daha gec də yarana bilər. Bu səbəbdən mütəxəssis hesab edir ki, real risk bəzi hallarda olduğundan aşağı qiymətləndirilir.
Vacib qeyd: Antidepressantların qəbulu həkim nəzarəti olmadan qəfil dayandırılmamalıdır.

