Qastrit və mədə xorası zamanı pomidor, şokolad və nanə qəbul etmək olmaz. Bu barədə NEWS.ruya açıqlamasında həkim-qastroenteroloq Klara Sıçuqova bildirib. Onun sözlərinə görə, bu qidalar mədənin reseptorlarını qıcıqlandırır və nəticədə qarında yanma, ağrı və ağırlıq hissi yarana bilər.
Sıçuqova qeyd edib ki, qidalanma qastrit və xora xəstəliklərinin yaranmasına birbaşa təsir göstərmir, buna görə də bu diaqnozlar olduqda sərt pəhriz mütləq deyil. Lakin mədəni qıcıqlandıra bilən məhsulların nəzərə alınması vacibdir.
“Bu cür məhsullar hər insanda fərqli ola bilər, amma ən çox rast gəlinənlər acı yeməklər, çox yağlı qidalar və souslar, pomidor, şokolad, nanə və qəhvədir”, — deyə həkim vurğulayıb.
O, həmçinin xatırladıb ki, uzun müddət yanlış həyat tərzi qastrit və mədə-onikibarmaq bağırsaq xorasının əsas səbəbi hesab olunurdu. Lakin 1982-ci ildə avstraliyalı alimlər Helicobacter pylori bakteriyasını aşkar ediblər. Həkimin sözlərinə görə, məhz bu bakteriya xroniki qastritin 90%, mədə və onikibarmaq bağırsaq xorasının isə 70% halda yaranmasına səbəb olur.

