Kəskin infeksiyalar qanda eritrositlərin çökmə sürətinin (EÇS) və C-reaktiv zülalın (CRP) yüksəlməsinə səbəb ola bilər.
Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk Klinik Xəstəxanasının terapevti Yelena Revkova NEWS.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, EÇS-in yüksəlməsinin ən geniş yayılmış səbəblərindən biri kəskin infeksion xəstəliklərdir. Pnevmoniya, sinusit, angina və sidik yolları infeksiyaları kimi bakterial xəstəliklər güclü iltihabi reaksiya yaradır və nəticədə həm CRP, həm də EÇS arta bilər.
Virus infeksiyaları da bu göstəricilərin yüksəlməsinə səbəb ola bilər, lakin artım adətən bakterial infeksiyalarla müqayisədə daha zəif olur.
Mütəxəssis vurğulayıb ki, xroniki iltihabi xəstəliklər də EÇS və CRP göstəricilərinə təsir edir. Revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi və iltihabi bağırsaq xəstəlikləri zamanı bu göstəricilər uzun müddət və qeyri-bərabər şəkildə yüksək qala bilər.
Revkova əlavə edib ki, toxuma zədələnməsi də bu analiz nəticələrinə təsir göstərə bilər. Travma, cərrahi müdaxilə və yanıqlardan sonra orqanizm bərpa prosesini başladır və iltihab mediatorları ifraz olunur.
Bəzi onkoloji xəstəliklər də EÇS və CRP-nin davamlı yüksəlməsi ilə müşayiət oluna bilər. Lakin həkim qeyd edib ki, bu göstəricilər özlüyündə xərçəng markerləri hesab edilmir və diaqnoz üçün kompleks müayinə tələb olunur.

