Sink və yod çatışmazlığı xroniki yorğunluq, saç tökülməsi və dəri problemləri ilə özünü göstərə bilər.
Bu barədə NEWS.ru-ya açıqlamasında Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk Klinik Xəstəxanasının endokrinoloqu Mariya Levçenko bildirib.
Həkimin sözlərinə görə, bu cür əlamətlər çox vaxt qalxanabənzər vəzinin fəaliyyəti və maddələr mübadiləsi ilə bağlı pozuntularla əlaqəli olur.
Levçenko qeyd edib ki, xəstələr ən çox xroniki yorğunluq və iş qabiliyyətinin azalmasından şikayət edirlər. Bu isə yod və selen çatışmazlığı fonunda qalxanabənzər vəzinin funksiyasının pozulması ilə bağlı ola bilər.
Bundan başqa, sink çatışmazlığı saç follikullarında hüceyrə bölünməsinə təsir göstərərək diffuz saç tökülməsinə səbəb ola bilər.
Həkim bildirib ki, bu mikroelementlərin çatışmazlığı zamanı dərinin vəziyyəti də pisləşir. Dərinin quruması, qıcıqlanmaya meyilli olması və dırnaqların kövrəkləşməsi zülal-mineral mübadiləsində pozuntuların göstəricisi ola bilər.
Endokrinoloqun sözlərinə görə, sink çatışmazlığı kişi və qadın orqanizminə fərqli şəkildə təsir edir. Kişilərdə sink testosteron sintezi və spermatogenez üçün vacib rol oynayır. Onun çatışmazlığı cinsi hormonların azalmasına, sperma keyfiyyətinin pisləşməsinə və libidonun zəifləməsinə səbəb ola bilər.
Qadınlarda isə sink çatışmazlığı yalnız xarici görünüşə deyil, reproduktiv funksiyaya da təsir göstərə bilər. Həkim bildirib ki, sink hormonal balansın tənzimlənməsində və yumurtalıqların fəaliyyətində iştirak edir. Onun çatışmazlığı menstrual dövrün pozulması ilə müşayiət oluna bilər.
Levçenko əlavə edib ki, sink və selen immun sisteminin normal fəaliyyəti üçün də vacibdir. Bu mikroelementlərin çatışmazlığı bəzi hallarda infeksion xəstəliklərə meyilliliyi artıra bilər.

