Müntəzəm fiziki fəaliyyət uzunmüddətli sağlamlığın əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, idmana başlamaq üçün heç vaxt gec deyil və həyat tərzində edilən kiçik dəyişikliklər belə ciddi nəticə verə bilər.
Woman&Home nəşri ortoped-cərrah və uzunömürlülük üzrə mütəxəssis Vonda Raytın tövsiyələrinə əsaslanaraq fiziki formanı yaxşılaşdırmaq üçün ilk addımları açıqlayıb.
Mütəxəssisin fikrincə, 44–60 yaş aralığı həyatın ən mühüm mərhələlərindən biridir və məhz bu dövrdə sağlamlıq vərdişlərini dəyişmək xüsusilə vacibdir.
Rayt qeyd edib ki, yaşlanma ilə bağlı ən geniş yayılmış yanlış fikirlərdən biri insanın bu prosesə heç bir təsir göstərə bilməməsidir. Halbuki fiziki aktivlik, güc məşqləri və hərəkətlilik üzərində işləmək sağlam yaşlanmaya ciddi təsir edə bilər.
O, uzun fasilədən sonra idmana qayıdan və ya ilk dəfə məşqə başlayan insanlar üçün dörd mərhələli plan hazırlayıb. Mütəxəssis vurğulayıb ki, əsas məsələ böyük hədəflərlə başlamaq deyil, kiçik addımlar atmaq və yükü tədricən artırmaqdır.
İlk mərhələ kimi hər gün qısa gəzinti tövsiyə olunur. Hətta cəmi 10 dəqiqəlik piyada gəzinti maddələr mübadiləsinə, hərəkətliliyə və psixoloji vəziyyətə müsbət təsir göstərə bilər.

“Bu gün sadəcə gəzintiyə çıxın və bacardığınız qədər gəzin. Bunu yeddi gün davam etdirin. Sabahdan dərhal ağırlıq qaldırmağa ehtiyac yoxdur”, — deyə Rayt bildirib.
Mütəxəssis gəzintinin xüsusilə günün ən böyük yeməyindən sonra edilməsini məsləhət görür. Onun sözlərinə görə, hər gün təkrarlanan bu sadə davranış bir həftə ərzində vərdişə çevrilə bilər.
Səkkizinci gün insan artıq gəzintidən imtina etmək istəmir, çünki müəyyən nəticə əldə etdiyini hiss edir. Sağlam vərdişlər məhz belə formalaşır.

