Son iki əsrdə insanların yaş anlayışı ciddi şəkildə dəyişib. Əvvəllər qocalıq daha çox fiziki zəifləmə, xəstəlik və gündəlik həyatdan geri çəkilmə ilə əlaqələndirilirdisə, bu gün elm yaşlanmaya daha fərqli yanaşır.
Medical News Today nəşrinin məlumatına görə, son 200 ildə insan ömrü təxminən iki dəfə uzanıb. Bundan başqa, dünyada 60 yaşdan yuxarı insanların payının 2000-ci ildən 2050-ci ilə qədər təxminən 11 faizdən 22 faizə yüksələcəyi gözlənilir. Yəni insanlar tarixdə heç vaxt olmadığı qədər uzun yaşayır. Buna baxmayaraq, yaşlanma ilə bağlı bir çox təsəvvürlər hələ də köhnə stereotiplərə əsaslanır.
Müasir tibb yaşlanmanı birdən-birə baş verən “çöküş” kimi deyil, tədricən gedən və müəyyən qədər idarə oluna bilən proses kimi qiymətləndirir. Məhz bu məqamda bədən, beyin, idman, yuxu və sağlamlıqla bağlı çoxsaylı miflər ortaya çıxır.
Mif : Yaşlanma mütləq fiziki zəifləmə deməkdir
Bəli, yaş artdıqca bədəndə müəyyən dəyişikliklər baş verir. Əzələ kütləsi azala, oynaqlar əvvəlki qədər elastik olmaya, enerji səviyyəsi dəyişə bilər. Lakin bu, insan orqanizminin mütləq şəkildə “dağılması” anlamına gəlmir.
Mütəxəssislərə görə, fiziki aktivlik, balanslı qidalanma, normal yuxu rejimi və müntəzəm tibbi nəzarət yaşlanma prosesinin gedişinə ciddi təsir göstərə bilər. Xüsusilə hərəkətsiz həyat tərzi yaşla bağlı problemləri daha da sürətləndirir. Əksinə, müntəzəm gəzinti, yüngül güc məşqləri və gündəlik aktivlik əzələlərin, sümük sisteminin və ürək-damar sağlamlığının qorunmasına kömək edir.

Başqa sözlə, yaşlanma fiziki dəyişikliklər gətirir, amma bu dəyişikliklər insanın mütləq gücsüz və passiv olacağı demək deyil. Bəzi vərdişlər vaxtında formalaşdırıldıqda, insan daha sağlam, aktiv və müstəqil yaşlana bilər.
Bu səbəbdən qocalığı yalnız xəstəlik və zəifləmə dövrü kimi görmək doğru deyil. Yaşlanma həyatın təbii mərhələsidir, amma onun necə keçəcəyi böyük ölçüdə həyat tərzindən, sağlamlıq seçimlərindən və sosial aktivlikdən asılıdır.

