Müasir dünyada sağlam həyat tərzi adətən idman, düzgün qidalanma, meditasiya və müntəzəm tibbi müayinələrlə əlaqələndirilir. Lakin alimlər həyat keyfiyyətinə və qocalma prosesinə təsir edə biləcək daha bir amilə — səyahətə diqqət çəkirlər. Bu barədə Real Simple nəşri məlumat yayıb.
Journal of Travel Research jurnalında dərc olunan araşdırmaya görə, səyahətlər qocalmanı dayandırmasa da, orqanizmin daxili tarazlığı qorumasına, yüklənmədən sonra bərpa olunmasına və stresə davamlılığın artmasına kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, fayda yalnız səfərin özündə deyil, gündəlik həyatda nadir hallarda bir araya gələn bir neçə amilin eyni vaxtda təsirindədir. Səyahət zamanı insan daha çox hərəkət edir, yeni təəssüratlar yaşayır, sosial ünsiyyət qurur, müsbət emosiyalar alır, istirahət edir, təbiətdə olur və beyni yeni məlumatlarla stimullaşır.
Profilaktik tibb və uzunömürlülük üzrə mütəxəssis Timoti Dürler qeyd edir ki, bu amillərin birləşməsi səyahəti sağlam qocalma üçün faydalı edən əsas səbəblərdəndir.
Araşdırmada bildirilir ki, yeni mühit orqanizmin bərpa mexanizmlərini aktivləşdirə bilər. İnsan tanımadığı yerə düşəndə bədən xarici stimullara daha fəal reaksiya verir. Bu isə metabolik aktivliyi və özünütənzimləmə proseslərini gücləndirə bilər.
Araşdırmanın müəlliflərindən Fanqli Hu hesab edir ki, belə dəyişikliklər orqanizmin təbii müdafiə mexanizmlərini gücləndirə və toxumaların bərpasına kömək edən hormonların ifrazını artıra bilər.
Bununla belə, həkimlər səyahətin sehrli şəkildə qocalmanı ləngitdiyi fikrindən uzaq durmağı tövsiyə edirlər. Onların sözlərinə görə, səyahət sadəcə orqanizmin sağlamlığı dəstəkləməsi üçün əlverişli şərait yaradır.

Səyahətin ən böyük üstünlüklərindən biri fiziki aktivliyin artmasıdır. Şəhərdə gəzinti, pilləkənlə qalxmaq, dağ yürüşü, üzgüçülük, baqaj daşımaq və yeni yerləri kəşf etmək gündəlik hərəkət səviyyəsini yüksəldir.
Bu, xüsusilə yaşlı insanlar üçün vacibdir. Orta səviyyəli fiziki aktivlik ürək-damar sağlamlığını, əzələ kütləsini, hərəkətliliyi, koordinasiyanı, qlükoza səviyyəsinə nəzarəti və maddələr mübadiləsini dəstəkləyə bilər.
Səyahət zamanı təbii işıqda daha çox vaxt keçirmək də yuxu keyfiyyətinə müsbət təsir edir. Mütəxəssislər xatırladırlar ki, sağlam yuxu qocalma prosesində əsas qoruyucu amillərdən biridir.

Bundan başqa, müsbət təəssüratlar stres hormonu olan kortizolun səviyyəsini azalda, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, depressiya və tənhalıq hissini yüngülləşdirə bilər.
Ekspertlər səyahətin psixoloji təsirini də xüsusi vurğulayırlar. Mühitin dəyişməsi insanı gündəlik qayğılardan uzaqlaşdırır, həyata başqa bucaqdan baxmağa kömək edir. Hətta səfəri gözləmək belə əhvali-ruhiyyəni yaxşılaşdıra, qayıtdıqdan sonra isə xoş xatirələr uzun müddət məmnunluq hissi yarada bilər.
Səyahət həm də beyin üçün faydalıdır. Bilet axtarmaq, marşrut planlaşdırmaq, qalacaq yer seçmək, büdcə hazırlamaq, yeni məkanda istiqamət tapmaq, qərar vermək və problemləri həll etmək müxtəlif idrak funksiyalarını işə salır.
Araşdırmaçılar hesab edirlər ki, aktiv səyahətlər yaddaş, məkan düşüncəsi və qərarvermə qabiliyyətini stimullaşdırır. Bu da demensiya riskinin azalması ilə əlaqələndirilir.
Alimlərin fikrincə, səyahət qocalmaya qarşı “sehrli dərman” deyil. Lakin o, elm tərəfindən sağlamlıq üçün faydalı hesab edilən bir çox vərdişi — hərəkət, ünsiyyət, maraq, istirahət, yeni təcrübə və emosional yenilənməni bir araya gətirir.
Araşdırmanın əsas nəticəsi budur: səyahət təkcə daha uzun yaşamağa deyil, həm də daha dolğun, maraqlı və mənalı yaşamağa kömək edə bilər.

