Gün ərzində baş verən xoş hadisələri gündəliyə qeyd etmək narahatlıq və stress səviyyəsinin azalmasına, diqqətin mənfi düşüncələrdən müsbət məqamlara yönəlməsinə kömək edə bilər.
Bu barədə NEWS.ru nəşrinə psixoloq Mariya Safonova məlumat verib.
Psixoloqun sözlərinə görə, bu üsuldan uzunmüddətli nəticə əldə etmək üçün insanların çox vaxt diqqətdən kənarda qoyduğu kiçik sevincləri qeyd etmək vacibdir.

“Axşam gün ərzində yaşadığınız xoş anları yazın. Məsələn, sevdiyiniz qəhvəni içməyiniz, yaxşı yatmağınız, işə və ya dərsə vaxtında çatmağınız kimi sadə məqamları qeyd edə bilərsiniz. Bu, həyatınızdakı müsbət hadisələrə diqqət yetirməyə və stressi azaltmağa kömək edir”, – Safonova bildirib.
Mütəxəssis narahat düşüncələr üçün gün ərzində ayrıca vaxt ayırmağı da tövsiyə edib. Onun sözlərinə görə, insan həmin müddətdə problemləri barədə düşünə, günün qalan hissəsində isə diqqətini başqa işlərə yönəldə bilər.

Safonova stress zamanı üzük, qolbaq və ya saatla edilən sadə toxunma hərəkətlərinin də diqqəti təhlükəsiz fiziki fəaliyyətə yönəldə biləcəyini qeyd edib. Məsələn, qolbağı və ya saatı bir biləkdən digərinə keçirmək gərginlik zamanı insanın diqqətini yayındıra bilər.

