Yaşla bağlı xarici görünüşdə baş verən dəyişiklikləri qəbul etmək üçün insan hər gün bədəninə göstərdiyi qayğıya və şəxsi inkişafına görə özünə təşəkkür etməlidir.
Psixoloq Anjelika Yeremenko “Veçernyaya Moskva”ya açıqlamasında bildirib ki, insan diqqətini çatışmazlıqlarına deyil, öz üstünlüklərinə yönəltməlidir. Onun sözlərinə görə, gəncliyi əbədi saxlamağın mümkün olmadığını qəbul etmək vacibdir.
Mütəxəssis qeyd edib ki, insanların ən çox səsləndirdiyi şikayətlərdən biri “güzgüyə baxıram və özümü tanımıram” fikridir. Yeremenko bu halda “qayğı” və “mübarizə” anlayışlarını ayırmağı məsləhət görüb.
Onun sözlərinə görə, sağlamlığa zərər verən anti-yaş prosedurları və sərt pəhrizlər çox vaxt narahatlığı artırır. Əvəzində bədənə qayğı göstərmək, sağlamlığı və hərəkətliliyi qorumağa çalışmaq daha düzgün yanaşmadır.
Psixoloq bildirib ki, klinik təcrübədə “qırışlarla mübarizə” düşüncəsindən “sağlamlığı qorumaq” yanaşmasına keçən insanlarda təşviş səviyyəsi xeyli azalır.

Yeremenko həmçinin qeyd edib ki, yetkin yaşda insanın zamanı daha sürətli hiss etməsi yeni təcrübələrin azalması ilə bağlıdır. Bu hal “donmuş həyat” effekti kimi tanınır.
Zamanı daha yavaş və dolğun hiss etmək üçün psixoloq fərqindəlik praktikasını tövsiyə edib. O, yemək yeyərkən, gəzərkən və ya istirahət edərkən həmin anın fərqində olmağın vacibliyini vurğulayıb.

Bundan başqa, mütəxəssis həftədə bir dəfə “ilk dəfə” qaydasını tətbiq etməyi məsləhət görüb. Bu, yeni marşrut seçmək, fərqli musiqi dinləmək, rəqs, yoqa və ya başqa fəaliyyətlə məşğul olmaq ola bilər.
Psixoloqun sözlərinə görə, belə yanaşma beynin zamanı daha geniş qavramasına kömək edir və neyron əlaqələrini gücləndirir.

