Orqanizmdə vitamin B6 səviyyəsinin yüksək olması depressiv simptomların daha zəif ifadə olunması ilə əlaqəli ola bilər. Digər vitaminlərin əksəriyyətində isə belə sabit əlaqə aşkarlanmayıb.
Journal of Affective Disorders jurnalında dərc olunan araşdırmaya görə, alimlər 2005–2014-cü illərdə ABŞ-da NHANES tədqiqatına qatılmış 26 mindən çox yetkin şəxsin məlumatlarını təhlil ediblər.
Tədqiqat zamanı A, C, D, E, B6, B9 və B12 vitaminlərinin səviyyəsi depressiya simptomları ilə müqayisə olunub. Yaş, cins, gəlir, təhsil, bədən çəkisi, siqaret, alkoqol istifadəsi və ümumi sağlamlıq vəziyyəti nəzərə alındıqdan sonra vitaminlərin əksəriyyəti ilə bağlı əlaqə aradan qalxıb.

Yalnız B6 vitamininin qanda daha yüksək səviyyəsi orta-ağır və ağır depressiya ehtimalının bir qədər aşağı olması ilə əlaqəli qalıb.
B6 vitamini serotonin, dopamin və qamma-aminoyağ turşusunun sintezində iştirak edir. Bu maddələr əhval-ruhiyyə və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.
Araşdırma müəllifləri vurğulayırlar ki, nəticələr B6 vitamininin depressiyanı müalicə etdiyini və ya vitamin əlavələrinin antidepressant təsir göstərdiyini sübut etmir. Söhbət yalnız müşahidə edilən statistik əlaqədən gedir.

