Sidney Universitetinin alimləri müəyyən ediblər ki, çəki artımı ən çox atipik depressiya zamanı baş verir. Bu, genetik riskləri və müalicəyə reaksiyası ilə seçilən müstəqil bioloji alt tip hesab olunur. Araşdırmanın nəticələri Biological Psychiatry jurnalında dərc edilib.
Tədqiqat Sidney Universitynin alimləri tərəfindən Australian Genetics of Depression Study layihəsinin məlumatları əsasında aparılıb. Layihə depressiv pozuntuları olan təxminən 15 min iştirakçını əhatə edib. İştirakçılar DNT nümunələri təqdim edib, simptomlarını və müalicə təcrübələrini ətraflı təsvir ediblər.
Nəticələr göstərib ki, depressiya zamanı çəki artımı təsadüfi deyil — bu hal atipik depressiya ilə birbaşa bağlıdır. Bu forma iştahanın tənzimlənməsi və sirkadiyal ritmlərin pozulması ilə xarakterizə olunur ki, bu da bədən çəkisinin artması riskini yüksəldir.
Genetik analiz bu alt tipdə olan şəxslərdə fərqli irsi risk profili aşkarlayıb. Depressiya ilə yanaşı, bu qrupda diqqət çatışmazlığı və hiperaktivlik sindromu, bipolyar pozuntu və metabolik pozuntulara meyillilik daha çox müşahidə olunub — bunların hamısı çəki artımı ilə əlaqəli ola bilər.
Bu xüsusiyyətlər müalicəyə də təsir edib. Atipik depressiyası olan pasiyentlər SSRI və SNRI kimi geniş yayılmış antidepressantlardan daha az fayda gördüklərini və yan təsirlərlə daha tez-tez üzləşdiklərini bildiriblər.
“Atipik forma fərqli terapevtik yanaşma tələb edir, çünki standart müalicə sxemləri təkcə az effektiv olmur, həm də çəki dəyişiklikləri ilə bağlı simptomları gücləndirə bilər”, — deyə alimlər vurğulayıblar.

