Kardioloq Françesko Lo Monako çuğunduru ən çox qiymətləndirilməyən məhsullardan biri hesab etdiyini və onun ürək-damar sisteminə diqqətçəkən təsir göstərə biləcəyini bildirib.
O, bu barədə “HuffPost” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, çuğundurun tərkibindəki nitratlar orqanizmdə azot oksidinə çevrilir. Bu maddə qan damarlarının rahatlamasına və genişlənməsinə kömək edir.
Nəticədə qan dövranı yaxşılaşa, arterial təzyiqin aşağı düşməsinə dəstək ola və damarların elastikliyinin qorunmasına kömək edə bilər.
“Bu, sadə görünən, lakin ürək-damar sisteminə heyrətamiz təsir göstərən məhsullardan biridir”, – Lo Monako bildirib.

Kardioloq çuğundurun qan təchizatının pozulmasından sonra ürək əzələsinin fəaliyyətinin yaxşılaşmasına da kömək edə biləcəyini qeyd edib.
Bununla belə, mütəxəssis vurğulayıb ki, çuğundur dərmanları əvəz etmir və təkbaşına ürək xəstəliklərindən qorumaq gücündə deyil.
Ürək sağlamlığını qorumaq üçün Lo Monako ümumilikdə balanslaşdırılmış qidalanma rejiminə əməl etməyi, mütəmadi olaraq tərəvəz və meyvə yeməyi tövsiyə edib.
Kardioloqun sözlərinə görə, faydalı nitratların digər mənbələri arasında yarpaqlı göyərtilər, kərəviz, banan və çiyələk də var.

