Avokado yüksək yağ tərkibinə baxmayaraq, arterial təzyiqin nəzarətdə saxlanmasına və ürək sağlamlığının qorunmasına kömək edə bilər. Bu barədə Parade nəşri yazır.
Diyetoloq-kardioloq Marqaret Yunker bildirir ki, avokado tərkibinə görə ən faydalı məhsullardan biri hesab olunur. O, antioksidantlar, lif və kaliumla zəngindir və bu maddələr orqanizmin sağlamlığında mühüm rol oynayır. Meyvədə əsasən doymamış yağlar üstünlük təşkil edir, doymuş yağ və xolesterin isə aşağı səviyyədədir.
Mütəxəssisin sözlərinə görə, avokado qəbul edildikdən sonra arterial təzyiqi artırmır, əksinə onu stabilləşdirməyə kömək edir. Bu məhsulun mütəmadi istifadəsi uzunmüddətli perspektivdə də təzyiqin sağlam səviyyədə qalmasına dəstək olur.

Avokadonun tərkibindəki kalium ürək ritmini və maye balansını tənzimləyir, lif ürək-damar xəstəlikləri riskini azaldır, antioksidantlar isə damarların ümumi vəziyyətini yaxşılaşdırır.
Elmi araşdırmalar da bunu təsdiqləyir. Məsələn, qadınlar arasında aparılan bir tədqiqatda həftədə ən azı beş porsiya avokado qəbul edənlərdə yüksək təzyiq riski 17 faiz daha aşağı olub.

Bundan əlavə, avokado bağırsaq sağlamlığına da müsbət təsir göstərir, faydalı bakteriyaların balansını qoruyur. Lif həmçinin çəkiyə nəzarətə kömək edir və orqanizmdə iltihabi prosesləri azaldır. Doymamış yağlar isə yalnız ürək deyil, yaddaş və digər idrak funksiyalarına da müsbət təsir göstərir.

