Evdən işləmək ilk baxışda rahat görünsə də, uzun müddət davam etdikdə ailə münasibətlərinə və psixoloji vəziyyətə mənfi təsir göstərə bilər.
“Beşinci kanal”a danışan psixiatr Anton Bek bildirib ki, məsafədən iş zamanı şəxsi həyatla iş arasındakı sərhədlərin itməsi ciddi stress yarada bilər. Onun sözlərinə görə, bu vəziyyət insanın ailə, sosial, psixoemosional və fiziki həyatına təsir edir.
Mütəxəssis hesab edir ki, davamlı stress bəzi insanlarda mövcud psixoloji problemləri ağırlaşdıra, narahatlıq pozuntularının və alkoqol asılılığının inkişaf riskini artıra bilər. Xüsusilə artıq asılılığa meyli olan şəxslərdə evdən iş rejiminin problemi daha da dərinləşdirə biləcəyi vurğulanır.

Bekin sözlərinə görə, ən çətin vəziyyətdə olan qruplardan biri eyni vaxtda həm işləməli, həm də uşaqlara baxmalı olan analardır. İş prosesindən tez-tez yayınmaq diqqətin və məhsuldarlığın azalmasına, stressin isə artmasına səbəb ola bilər.
Psixiatr həmçinin bildirib ki, kütləvi şəkildə məsafədən işə keçid dövründə ailədaxili gərginlik və boşanmaların artması müşahidə olunub. Ev şəraitində diqqəti işə toplamaq və daim yayınmadan işləmək də bir çox insan üçün çətinləşir.
Denmedia.az

