Payız aylarında fiziki aktivliyin azalması bəzi ginekoloji problemlərin yaranması və ya kəskinləşməsi riskini artıra bilər. Bu barədə ginekoloq-endokrinoloq Liliya Afanasyeva NEWS.ru-ya bildirib.
Həkimin sözlərinə görə, sentyabrın əvvəlində qadınların ginekoloji müayinədən keçməsi və hormon səviyyələrini yoxlatdırması məqsədəuyğundur.
Afanasyeva bildirib ki, payızda gündüz saatlarının azalması qadın orqanizmində hormonal fonda dəyişikliklərə səbəb ola bilər. Bunun fonunda menstrual sikl uzana, menstruasiya isə bir qədər daha intensiv keçə bilər.
“Bu, progesteron istehsalının azalması ilə bağlıdır. Bu dövrdə uşaqlıq mioması, adenomioz və endometrium hiperplaziyası kimi xəstəliklərin yaranması və ya kəskinləşməsi riski yüksək ola bilər”, – həkim xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, payızda estrogen səviyyəsinin yüksəlməsi fonunda premenstrual sindromun əlamətləri də daha qabarıq ola bilər. Xüsusilə emosional dəyişikliklər – ağlağanlıq, həssaslıq, aqressivlik və əhvalın kəskin dəyişməsi daha çox müşahidə oluna bilər.
Afanasyeva qeyd edib ki, statistikaya əsasən, süd vəzilərində ağrı ilə bağlı həkimə müraciətlərin yarıdan çoxu məhz payız aylarına təsadüf edir.
Həkim qadınlara sentyabrın əvvəlində ginekoloq müayinəsindən keçməyi, süd vəzilərinin və kiçik çanaq orqanlarının USM müayinəsini etdirməyi, həmçinin estradiol, progesteron, follikulstimullaşdırıcı və lüteinləşdirici hormonların səviyyəsini yoxlatdırmağı tövsiyə edib.

