Dietoloq Culiana Andrade bəzi qidaların vaxtından əvvəl qocalma prosesini sürətləndirə biləcəyini bildirib.
Terra nəşrinin məlumatına görə, mütəxəssis ilk növbədə qida rasionunda şəkərin həddindən artıq istehlakının qocalma prosesini sürətləndirdiyini qeyd edib. O, tərkibində yüksək miqdarda şəkər olan məhsullar arasında tort, peçenye, müxtəlif şirniyyatlar və qazlı içkilərin adını çəkib.
Dietoloq, həmçinin, transyağların istehlakını məhdudlaşdırmağı tövsiyə edib. Bu yağlara, xüsusilə, fastfud məhsullarında rast gəlmək mümkündür.
Mütəxəssisin sözlərinə görə, bekon, kolbasa və vetçina kimi emal olunmuş ət məhsullarının istehlakı da vaxtından əvvəl qocalmaya səbəb ola bilər.

Andrade alkoqollu içkilərin də qocalma prosesini sürətləndirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, alkoqol orqanizmdə oksidləşdirici stressə, susuzlaşmaya və yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
Dietoloq qeyd edib ki, keyfiyyətli gecə yuxusu orqanizmin bərpası üçün mühüm əhəmiyyət daşıyır, çünki məhz bu zaman orqanizmdə bərpa prosesləri baş verir.

