Gündəlik qida rasionumuzda yer alan bəzi məhsullar beynin fəaliyyətinə, yaddaşa və diqqəti cəmləmək qabiliyyətinə mənfi təsir göstərə bilər. Nevroloq xüsusilə üç qida qrupunun müntəzəm istehlakına diqqət yetirməyi tövsiyə edib.
Gazeta.ru xəbər verir ki, bu barədə “Posturato” klinikasının nevroloq-refleksoterapevti Milyauşa Mamadalieva danışıb.
Mütəxəssisin sözlərinə görə, qidalanma ilə beynin fəaliyyəti arasında sıx əlaqə mövcuddur. İstehlak etdiyimiz məhsullar sinir sisteminin fəaliyyətinə və orqanizmdə gedən iltihabi proseslərə təsir göstərə bilər.
Birinci qrup – şəkər və rafinə edilmiş karbohidratlardır.
Həkimin sözlərinə görə, şəkərlə zəngin qidalar qanda qlükozanın səviyyəsinin sürətlə yüksəlməsinə, daha sonra isə azalmasına səbəb ola bilər. Bu dəyişikliklər bəzi insanlarda yorğunluq, yuxululuq və diqqətin zəifləməsi ilə müşayiət oluna bilər.
“Şirin desertdən sonra başda dumanlılıq hissi, diqqəti cəmləməkdə çətinlik, qəfil yuxululuq, reaksiyanın zəifləməsi və əsəbilik yarana bilər”, – deyə nevroloq bildirib.
İkinci qrup – transyağlar olan məhsullardır.
Mütəxəssis bildirib ki, transyağların müntəzəm istehlakı sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərə və orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.
Onun sözlərinə görə, bu cür qidaların həddindən artıq istehlakı düşünmə sürətinin azalması, diqqətin zəifləməsi və mürəkkəb tapşırıqlara uzun müddət fokuslanmaqda çətinliklə əlaqəli ola bilər.

Üçüncü qrup – kolbasa, sosiska və vetçina kimi emal olunmuş ət məhsullarıdır.
Nevroloq bu məhsulların tərkibində olan nitrit və nitratlara diqqət çəkib. Onun sözlərinə görə, müəyyən şəraitdə bu maddələrdən nitrozaminlər əmələ gələ bilər.
Mamadəliyeva belə məhsulların istehlakından sonra bəzi insanlarda narahatlıq və daxili titrəmə hissinin yarana biləcəyini iddia edib.
Mütəxəssis xüsusilə yağ və karbohidratlarla zəngin məhsulların, o cümlədən burger, şirniyyat və fastfudun müntəzəm istehlakını məhdudlaşdırmağı tövsiyə edib.
O, qida rasionuna tam taxıllar, tərəvəzlər, göyərti, meyvələr, giləmeyvələr və çərəzlərin daxil edilməsinin beyin sağlamlığının qorunmasına kömək edə biləcəyini bildirib.
Həkim uzun müddət ərzində balanssız qidalanmanın koqnitiv funksiyalara mənfi təsir göstərə biləcəyini vurğulayıb.

