Böyük Britaniyada yaşayan 19 yaşlı İzabella Uilson müntəzəm matça istifadəsindən sonra baş ağrısı, ürəkbulanma, dəri problemləri və çəki artımı ilə üzləşdiyini bildirib.
Daily Mirror-un məlumatına görə, gənc qız məşhur içkini ilk dəfə 2024-cü ildə dadıb. Əvvəlcə həftədə bir neçə dəfə matça içsə də, zaman keçdikcə bu içki barədə daim düşünməyə başladığını deyib. Uilson hətta matçaya daimi çıxışı olsun deyə barista kimi işləməyə başlayıb.
Britaniyalının sözlərinə görə, bəzi günlərdə qəbul etdiyi kofeinin miqdarı 400 milliqrama qədər çatıb. O, bunun təxminən beş banka energetik içkidə olan kofein miqdarına bərabər olduğunu bildirib.
Bir müddət sonra Uilsonda xroniki baş ağrıları, ürəkbulanma, qusma, qarında köp və dəri problemləri yaranıb. Onun sözlərinə görə, çəkisi də təxminən 13 kiloqram artıb.

“Yeriyəndə və ya başımı hərəkət etdirəndə sanki beynim başımın içində hərəkət edirdi. Tunel görməsi, başgicəllənmə və bulanıqlıq da yaşayırdım”, – deyə Uilson bildirib.
Təxminən bir il yarımdan sonra gənc qız vəziyyətinin pisləşməsinin matça istifadəsi ilə əlaqəli ola biləcəyindən şübhələnib. O, içkinin miqdarını tədricən azaldaraq həftədə iki porsiyaya endirib.
Uilsonun sözlərinə görə, bundan sonra dərisindəki problemlər azalıb, baş ağrıları keçib və çəkisi aşağı düşüb. Bununla belə, o, kofeini azaltdıqdan sonra bir neçə ay çəkilmə əlamətləri yaşadığını bildirib.

