Yuxu rejimini pozan təkcə yatmazdan əvvəl telefona baxmaq deyil. Kanadalı alimlərin apardığı yeni araşdırma göstərib ki, gün ərzində qəbul edilən kofein də beynin gecə saatlarında tam istirahət etməsinə mane ola bilər.
Tədqiqata 40 sağlam yetkin qatılıb. İştirakçılar iki gecə yuxu laboratoriyasında müşahidə olunublar. Gecələrdən birində onlara təxminən iki fincan qəhvəyə bərabər olan 200 milliqram kofein, digər gecədə isə plasebo verilib.
EEQ müayinələri göstərib ki, kofein yalnız yuxuya getməyi çətinləşdirmir. O, beynin saatlarla yüksək oyanıqlıq vəziyyətində qalmasına da səbəb ola bilər. Monreal Universitetinin professoru Culi Kerriyer bildirib ki, bu təsir gündüz diqqəti artırsa da, gecə beynin dincəlməsi və bərpası üçün əlverişli deyil.

Araşdırmada kofeinin beyni “kritik hədd” adlandırılan yüksək oyanıqlıq vəziyyətinə gətirdiyi də müəyyən edilib. Süni intellektlə aparılan analizlər zamanı kofeinin beyin siqnallarını daha mürəkkəb hala gətirdiyi, xüsusilə dərin yuxu – non-REM mərhələsində tam istirahətə mane olduğu aşkarlanıb. Dərin yuxu isə yaddaşın möhkəmlənməsi və zehni bərpa üçün mühüm mərhələ hesab olunur.
Alimlər beyin dalğalarında da dəyişiklik müşahidə ediblər: sakit və yavaş dalğalar azalarkən, oyanıqlıq və zehni fəaliyyətlə əlaqəli sürətli dalğalar artıb. Mila Kvebek Süni İntellekt İnstitutunun professoru Kərim Cerbi bunun beynin yuxu zamanı belə daha aktiv və daha az bərpaedici vəziyyətdə qalmasına işarə etdiyini bildirib.
Maraqlıdır ki, 20–27 yaşlı gənclərdə kofeinin təsiri 41–58 yaşlı insanlarla müqayisədə daha güclü olub.
ABŞ Qida və Dərman Administrasiyası sağlam böyüklər üçün gündə 400 milliqrama qədər kofeini adətən təhlükəsiz hədd hesab edir. Bununla belə, araşdırma göstərir ki, kofein bu hədd daxilində qəbul edilsə belə, bəzi insanlarda saatlar sonra yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər. Buna görə də yaxşı yatmaq istəyənlərin xüsusilə axşam saatlarında kofein qəbulunu məhdudlaşdırması daha məqsədəuyğun ola bilər.

