ABŞ-da “Qremmi” mükafatlı məşhur caz müğənnisi Kassandra Uilson 70 yaşında vəfat edib.
“Billboard”un Haynds dairəsinin koroneri Ceremayya Hovarda istinadən yaydığı məlumata görə, sənətçi doğulduğu Missisipi ştatının Cekson şəhərində dünyasını dəyişib. Müğənninin nümayəndəsi WBGO radiosuna onun 70 yaşında olduğunu bildirib.
Radioda yayımlanan məlumatda qeyd olunub ki, Kassandra Uilson evində, ailəsi, yaxın dostları və menecerinin əhatəsində sakit şəkildə vəfat edib.

Uilson yaradıcılığında cazı blüz, folk, pop, R&B və kantri janrları ilə birləşdirirdi. O, karyerası ərzində “Qremmi” mükafatına dörd dəfə namizəd göstərilib və iki dəfə qalib olub. Müğənni 1997-ci ildə “New Moon Daughter”, 2009-cu ildə isə “Loverly” albomu ilə “Ən yaxşı caz vokal albomu” nominasiyasında mükafata layiq görülüb.

