İnsult gənc yaşda gözlənilməz hadisə kimi görünsə də, bəzi hallarda onun arxasında illərlə davam edən gündəlik vərdişlər və risk faktorları dayanır.
“ASS Medical” klinikasının baş həkimi Sergey Astafurov lent.ru-ya bildirib ki, ən ciddi risklərdən biri siqaret çəkməkdir. Nikotin damarların daralmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur, tütün tüstüsünün digər komponentləri isə damar divarlarını zədələyərək tromb yaranması riskini artırır.
Həkimin sözlərinə görə, təhlükə yalnız adi siqaretlərlə məhdudlaşmır. Elektron siqaretlər və digər nikotin tərkibli cihazlar da ürək-damar sistemi üçün təhlükəsiz hesab edilmir.
Digər mühüm risk faktoru az hərəkətli həyat tərzidir. Uzun müddət oturmaq və fiziki aktivliyin az olması piylənmə, yüksək arterial təzyiq və maddələr mübadiləsinin pozulması riskini artırır. Bu problemlərin hər biri gənc yaşda insult ehtimalını yüksəldə bilər.
Xroniki yuxusuzluq və həddindən artıq spirtli içki qəbulu da damar sağlamlığına mənfi təsir göstərir. Yuxu çatışmazlığı hipertoniya və metabolik pozuntularla əlaqələndirilir, alkoqol isə təzyiqin yüksəlməsinə və ürək ritminin pozulmasına səbəb ola bilər.

Mütəxəssis xüsusilə yüksək arterial təzyiqi görməzlikdən gəlməyin təhlükəli olduğunu vurğulayıb. Bir çox gənc hipertoniya problemini yalnız yaşlı insanlara aid hesab etdiyi üçün illərlə təzyiqini yoxlamır.
Astafurov qeyd edib ki, insult hər zaman yalnız həyat tərzi ilə bağlı olmur. Ürək xəstəlikləri, qan laxtalanmasının pozulması, damar patologiyaları və digər xəstəliklər də gənc yaşda insultun səbəbi ola bilər.
Bu səbəbdən profilaktika yalnız zərərli vərdişlərdən imtina etməklə deyil, müntəzəm tibbi müayinələrdən keçmək və risk faktorlarını vaxtında aşkarlamaqla da bağlıdır.

