Həddindən artıq duzlu yemək qəbul etmək orqanizmdə maye yığılmasına, şişkinliyə, ağırlıq hissinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, adi banan duzlu qidaların bəzi mənfi təsirlərini azaltmağa kömək edə bilər. Lakin bu üsul hər kəs üçün uyğun deyil.
Bu barədə dietoloq-nutrisoloq Sofiya Kovanova aif.ru-ya açıqlamasında danışıb.
Bananın faydası onun tərkibindəki kaliumla bağlıdır. Bu mineral orqanizmdə natrium balansının tənzimlənməsində mühüm rol oynayır. Kifayət qədər kalium qəbulu böyrəklərin artıq natriumu xaric etməsinə kömək edir.
Dietoloqun sözlərinə görə, gün ərzində normadan artıq duz qəbul edən şəxslər banan yeyə bilərlər.
“Əgər gün ərzində normadan çox duz qəbul etmisinizsə, banan yeyə bilərsiniz. Artıq duz orqanizmdə suyun saxlanmasına səbəb olur, kifayət qədər kalium qəbulu isə böyrəklərin natriumu xaric etməsinə kömək edir”, – deyə mütəxəssis bildirib.
Lakin bəzi insanlara duzlu yeməkdən sonra banan yemək tövsiyə edilmir.

Böyrək xəstəlikləri olan şəxslər kaliumun orqanizmdə yığılması riski səbəbindən ehtiyatlı olmalıdırlar. Şəkərli diabet və karbohidrat mübadiləsinin pozulması zamanı isə bananın tərkibindəki karbohidratların miqdarı nəzərə alınmalıdır. Bundan başqa, fərdi dözümsüzlüyü olan şəxslərdə allergik reaksiyalar və həzm problemləri yarana bilər.
Mütəxəssislər duzlu qidalardan sonra kifayət qədər su içməyi də tövsiyə edirlər. Su orqanizmin normal maye balansını qorumağa və artıq natriumun xaric edilməsinə kömək edir.
Banan yeməyən şəxslər kalium mənbəyi kimi ispanaq, avokado, ağ göbələk və şampinyonlardan istifadə edə bilərlər. Lakin kalium qəbulunu məhdudlaşdırmalı olan insanlar üçün bu məhsullar da uyğun olmaya bilər.

