Bədəndə şişkinliyi və ödemi azaltmaq üçün duz qəbulunu məhdudlaşdırmaq lazımdır.
Terapevt, anestezioloq-reanimatoloq və inteqrativ tibb üzrə mütəxəssis Andrey Solovyov “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, yalnız yeməyə əlavə edilən duza deyil, “gizli duz” mənbələrinə də diqqət etmək vacibdir.
Həkimin sözlərinə görə, fastfud, yarımfabrikatlar, kolbasa məmulatları, çips və duzlu balıq orqanizmdə natrium miqdarını artıraraq maye saxlanmasına səbəb ola bilər.
Solovyov su-duz balansını bərpa etmək üçün kaliumla zəngin məhsulları qida rasionuna əlavə etməyi məsləhət görüb. Bunlara banan, ispanaq, avokado, xiyar və kabaçki daxildir.

Mütəxəssis həmçinin kifayət qədər təmiz, filtrdən keçirilmiş su içməyi tövsiyə edib.
Həkim xəbərdarlıq edib ki, ödem zamanı özbaşına sidikqovucu preparatlar qəbul etmək olmaz. Onun sözlərinə görə, bu, kalium itkisinə və ciddi susuzlaşmaya səbəb ola bilər.
Nəticədə isə orqanizm sonradan daha çox maye saxlamağa başlaya bilər.

