Dietoloq Malina Malkani bildirib ki, bəzi insanlar bananı həddindən artıq istehlak etməməlidirlər.
O, Parade nəşrinə açıqlamasında xüsusilə terminal mərhələdə böyrək çatışmazlığı olan şəxslərin bananla ehtiyatlı davranmalı olduğunu deyib. Səbəb bananın kaliumla zəngin olmasıdır.
Mütəxəssis şəkərli diabeti olanlara da bananı ölçülü şəkildə yeməyi tövsiyə edib, çünki bu meyvədə təbii şəkərlər var.
Qıcıqlanmış bağırsaq sindromu olan şəxslərə isə çox yetişmiş banan əvəzinə bir qədər yaşıl banan seçmək məsləhət görülüb.

Bununla belə, Malkani qeyd edib ki, bu problemləri olmayan insanlar üçün gündə bir banan yemək təhlükəsiz hesab olunur.
Dietoloq həmçinin rasionun müxtəlif olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bağırsaqdakı faydalı bakteriyalar üçün müxtəlif lif mənbələri lazımdır və hər gün eyni qidaları yemək, hətta onlar sağlam olsa belə, qida müxtəlifliyini azalda bilər.

