Çində İnyin adı ilə tanınan 24 yaşlı mukbanq bloqeri vəfat edib.
“Toutiao.com”un məlumatına görə, gənc qadın kamera qarşısında yağlı və duzlu yeməklər yeməsi ilə məşhurlaşmışdı.
Bildirilir ki, İnyinin ölümünə ağır hipokaliemiya – qanda kalium səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində yaranan ürək dayanması səbəb olub.
Məlumata görə, buna həddindən artıq duzlu və yağlı qidaların qəbulu, yuxusuzluq və fasiləsiz iş rejimi də təsir edib. Bloqer ölümündən bir neçə gün əvvəl kalium səviyyəsinin aşağı olması səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Kalium ürəyin, əzələlərin və sinir sisteminin normal fəaliyyəti üçün vacib mineraldır. O, həmçinin orqanizmdə su-duz balansının və arterial təzyiqin tənzimlənməsində rol oynayır. Kaliumun həm çatışmazlığı, həm də normadan artıq olması ürək-damar və sinir sistemində ciddi problemlərə səbəb ola bilər.

