ABŞ-da kişilər botoks prosedurlarına qadınlardan daha çox pul xərcləməyə başlayıblar. Son beş ilin ən yüksək göstəricisi qeydə alınıb.
Bu barədə The Wall Street Journal qəzeti Guidepoint Qsight analitik şirkətinin məlumatlarına istinadən xəbər yayıb.
Araşdırmaya əsasən, 2026-cı ilin üçüncü rübündə kişilər botoks inyeksiyaları üçün bir mütəxəssis qəbuluna orta hesabla 529 dollar, qadınlar isə 455 dollar xərcləyiblər.
2022-ci ildə kişilərin xərcləri qadınlardan 19,6 faiz çox olub. Sonrakı illərdə fərq azalsa da, hazırda yenidən artmağa başlayıb.
Şirkətin nümayəndəsi Erika Şeyn bildirib ki, kişilərin alın əzələləri daha güclü, müalicə olunan sahələr isə daha geniş olduğundan onlara adətən daha çox botoks tələb olunur.

Onun sözlərinə görə, həm kişilər, həm də qadınlar təxminən dörd aydan bir bu prosedura müraciət edirlər.
Kişilər arasında saç əkimi və bədən formasının korreksiyası kimi estetik prosedurlara da maraq artır.
Botoksa daha çox X nəsli və millenniallar müraciət edirlər. Məşhurların bu prosedurlardan açıq danışması da estetik xidmətlərin populyarlaşmasına təsir göstərir.

