Bu payız qarderobu yeniləmək üçün bütün geyimləri dəyişməyə ehtiyac yoxdur. Bir neçə parlaq rəngli geyim və aksessuarla dəbli görünüş yaratmaq mümkündür.
Bu barədə stilist Darya Plexanova NEWS.ru-ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, bu mövsümün əsas rəngləri gavalı tonu, tünd bənövşəyi, parlaq qırmızı, pas-narıncı və elektrik mavisidir.
Stilist xüsusilə bənövşəyi ilə albalı-qırmızı rəngin birləşməsini mövsümün ən diqqətçəkən seçimlərindən biri adlandırıb.
“Qarderobunuza mövsümün rənglərini əlavə etmək üçün bir geyim və ya aksessuardan başlayın. Bənövşəyi çanta, mavi sviter və ya qırmızı şərf gündəlik geyimlərinizi tamamilə dəyişmədən yeniləməyə kömək edəcək”, – deyə Plexanova bildirib.

Mütəxəssisin sözlərinə görə, gavalı rəngli paltonu qrafit-boz trikotaj geyim və eyni tonda şalvarla uyğunlaşdırmaq olar. Belə kombinasiya ənənəvi qara-boz geyim dəstindən daha maraqlı görünür.
Elektrik mavisi şokolad rəngli şalvar, qəhvəyi dəri çanta və ya ayaqqabı ilə tarazlaşdırıla bilər.
Açıq rənglərə üstünlük verənlərə isə stilist parlaq qırmızını yumşaq yağ-sarısı tonu ilə birləşdirməyi tövsiyə edib.
“Bəzən görünüşü yeniləmək üçün sadəcə rəngli bir aksessuar əlavə etmək kifayətdir”, – deyə stilist vurğulayıb.

