Dietoloq Emma Derbişir arterial təzyiqin normal səviyyədə saxlanmasına kömək edə biləcək qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzləri açıqlayıb.
“Surrey Live” nəşrinə danışan mütəxəssis üzüm, qaragilə, qırmızı soğan, böyürtkən və qırmızı kələmi xüsusilə qeyd edib.
Derbişirin sözlərinə görə, bu məhsullar antosianlarla zəngindir. Bu təbii birləşmələr qan damarlarının fəaliyyətinə, xolesterin səviyyəsinə və arterial təzyiqə müsbət təsir göstərə bilər.

Dietoloq bildirib ki, qırmızı soğanın tərkibində antosianlarla yanaşı, arterial təzyiqin aşağı salınmasına kömək edə bilən kversetin də var. Qırmızı kələmin isə bu tip birləşmələrin onlarla müxtəlif növünü ehtiva etdiyi qeyd olunur.
Bununla belə, mütəxəssis vurğulayıb ki, bu məhsulların heç biri hipertoniyanın qarşısını tam ala və ya onun müalicəsini əvəz edə bilməz.

