Payız mövsümünün sevilən meyvələrindən olan feyxoa qan təzyiqinin tənzimlənməsinə və ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər.
Oktyabrdan dekabra qədər bazarlarda daha çox rast gəlinən bu yaşıl meyvə ananas, çiyələk və laymı xatırladan özünəməxsus ətri ilə seçilir.
Feyxoanın əsas faydalı komponentlərindən biri kaliumdur. Bu mineral orqanizmdə natrium və maye balansının tənzimlənməsində, həmçinin ürəyin normal ritminin qorunmasında mühüm rol oynayır.
Meyvənin tərkibində C vitamini, polifenollar, flavonoidlər və qida lifləri də mövcuddur. Antioksidant birləşmələr hüceyrələrin oksidləşdirici təsirlərdən qorunmasına, liflər isə həzm sisteminin normal fəaliyyətinə kömək edir.
Yeni Zelandiyanın Oklend Universitetində 2026-cı ildə aparılan klinik araşdırma feyxoanın qan təzyiqinə mümkün müsbət təsirini üzə çıxarıb.
Araşdırmada artıq çəkisi və prediabeti olan 97 nəfər iştirak edib. Altı ay davam edən tədqiqat zamanı iştirakçıların bir qismi gündəlik feyxoa tozu, digərləri isə plasebo qəbul edib. Hər iki qrup eyni zamanda arıqlama proqramına qatılıb.
Nəticələr feyxoa tozu qəbul edən şəxslərdə sistolik, yəni yuxarı qan təzyiqinin daha çox azala biləcəyini göstərib. Bununla belə, alimlər nəticələrin ilkin xarakter daşıdığını və daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.
Feyxoa kaliumla yanaşı, maqnezium və kalsium da ehtiva edir. Bu minerallar əzələlərin, sinir sisteminin və ürəyin normal fəaliyyəti üçün vacibdir.
Meyvəni təzə halda yemək, smuzilərə və desertlərə əlavə etmək mümkündür. Qabığında antioksidant xüsusiyyətli fenol birləşmələri olduğundan onu qurudaraq çaya da əlavə etmək olar.

Evdə mövsümi qarışıq hazırlamaq üçün 700 qram feyxoa, bir limon və 500 qram şəkər xırdalanaraq qarışdırıla və soyuducuda saxlanıla bilər. Lakin şəkərin çoxluğu nəzərə alınmalı, belə qarışıqlar müalicə vasitəsi hesab edilməməlidir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, feyxoa dərman deyil və yüksək qan təzyiqinin müalicəsini əvəz edə bilməz. Hipertoniyadan əziyyət çəkən şəxslər həkim tərəfindən təyin edilən preparatlardan özbaşına imtina etməməlidirlər.
Böyrək xəstəliyi və ya kalium səviyyəsinin yüksəlməsi riski olan şəxslər, eləcə də meyvəyə allergiyası olanlar onun istehlakı ilə bağlı həkimlə məsləhətləşməlidirlər.

