Ürəyin sağlam fəaliyyəti üçün orqanizmdə kalium, natrium, maqnezium və kalsiumun kifayət qədər olması vacibdir.
Bu barədə LIFE.ru-ya həkim Andrey Skalnı bildirib. Onun sözlərinə görə, bu makroelementlər elektrik impulslarının ötürülməsində iştirak edir və ürək əzələsinin normal yığılmasını təmin edir.
Mütəxəssis ürək əzələsinin qoruyucu xüsusiyyətlərinin saxlanılması və enerji istehsalı üçün omeqa-3 yağ turşularının müntəzəm qəbulunun da əhəmiyyətli olduğunu qeyd edib.
“Ürəyə diqqət və qayğı ilə yanaşmaq lazımdır. Onun fəaliyyətini mütəmadi olaraq müayinələrlə, o cümlədən EKQ vasitəsilə nəzarətdə saxlamaq, həmçinin qida rasionunda kifayət qədər vitamin, mineral, çox doymamış yağ turşuları və amin turşularının olmasına diqqət yetirmək vacibdir”, – həkim bildirib.

Skalnının sözlərinə görə, ürəyin fəaliyyəti dəmir, sink, mis, yod və selenium kimi mikroelementlərdən də asılıdır.
Bundan əlavə, ürək sağlamlığının qorunmasında D, E, C və B qrupu vitaminləri mühüm rol oynayır.
Bu qida maddələri ürək əzələsinin qorunmasına, elektrik impulslarının normal ötürülməsinə və miokardın lazımi qida maddələri ilə təmin olunmasına kömək edir.

