ABŞ alimləri insanın yalnız bir üz fotosu əsasında xərçəng xəstələrinin sağqalma ehtimalını qiymətləndirməyə kömək edən süni intellekt sistemi hazırlayıblar.
BBC-nin məlumatına görə, araşdırmanın ilkin nəticələri nüfuzlu “The Lancet Digital Health” elmi jurnalında dərc olunub.
“FAHR-FaceSurvival” adlanan sistem 40 milyondan çox üz fotosu əsasında hazırlanıb və təxminən 35 min xərçəng xəstəsinin görüntüləri ilə əlavə təlimdən keçirilib.
Alimlərin sözlərinə görə, proqram xüsusilə göz altı və burun ətrafındakı üz cizgilərini təhlil edərək xəstələrin sağqalma ehtimalı ilə bağlı göstəricilər müəyyənləşdirə bilir.
Araşdırma zamanı sistem müxtəlif növ və mərhələlərdə olan xərçəng xəstələrinin məlumatları əsasında sınaqdan keçirilib. Onların arasında xəstəliyi sümüklərə və beyinə yayılmış şəxslər də olub.
Yeni texnologiyanın məqsədi həkimləri əvəz etmək deyil, onlara müalicə qərarlarında əlavə məlumat verməkdir.
Bostondakı “Mass General Brigham” tibb mərkəzinin tədqiqatçısı, doktor Raymond Mak bildirib ki, əhali yaşlandıqca həkimlərin xəstələrin fiziki vəziyyətini və ağır müalicələrə davamlılığını daha dəqiq qiymətləndirməsinə ehtiyac artır.
Bu, xüsusilə şüa terapiyası, cərrahi əməliyyat və dərman müalicəsi kimi ciddi müdaxilələrə qərar verilərkən əhəmiyyət daşıya bilər.
Alimlər insanın təqvim yaşını deyil, üz görünüşünə əsaslanan bioloji yaş göstəricisini qiymətləndirən “FAHR-FaceAge” adlı digər sistemi də araşdırırlar.
Bu proqram alın qırışlarını, göz kənarlarındakı xətləri, yanaqları və burunla ağız arasındakı nahiyəni təhlil edir.
Tədqiqatçılar siqaret çəkməyin, spirtli içkilərdən və narkotik maddələrdən intensiv istifadənin üzdə yaşlanma əlamətləri ilə əlaqəli ola biləcəyini də müəyyən ediblər.
Raymond Makın sözlərinə görə, sistem üzün çəkilmə bucağı, işıqlandırma, mimika və makiyaj fərqlərinə baxmayaraq, sınaqlarda təəccüblü dərəcədə sabit nəticələr göstərib.
Bununla belə, alimlər texnologiyanın hələ inkişaf mərhələsində olduğunu vurğulayıblar. Xüsusilə müxtəlif etnik qrupları əhatə edən daha geniş məlumatlara ehtiyac var.

Böyük Britaniyanın Surrey Universitetinin professoru Miroslav Bober araşdırmanı perspektivli elmi nəticə kimi qiymətləndirib, lakin sistemin hələ klinik istifadəyə hazır olmadığını bildirib.
Onun sözlərinə görə, hər hansı nəticəni proqnozlaşdırmaq həmin nəticənin səbəblərini izah etmək demək deyil.
Mütəxəssislər vurğulayırlar ki, süni intellektin verdiyi göstəricilər fərdin nə qədər yaşayacağını dəqiq müəyyənləşdirmir və həkim müayinəsini əvəz edə bilməz.

