Alimlər cəmi 20 saniyəlik danışıq əsasında 2-ci tip diabet əlamətlərini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Alqoritm xəstəliklə əlaqəli ola bilən səs dəyişikliklərini analiz edir.
Araşdırmanın nəticələri Avropa Diabetin Öyrənilməsi Assosiasiyasının (EASD) illik konfransında təqdim olunub.
Sistemin hazırlanması üçün ABŞ və Böyük Britaniyadan 21 mindən çox insanın 63 283 səs yazısından istifadə edilib. Daha sonra alqoritm yeni səs yazıları üzərində sınaqdan keçirilib. İştirakçılar 20 saniyə ərzində Ezopun təmsillərindən birini oxuyublar.
Tədqiqatçılar bildiriblər ki, diabet səsə də təsir göstərə bilər. Xəstəliyi olan insanlarda əvvəllər səsin daha xırıltılı və kobud olması, həmçinin danışıq zamanı nəfəsə nəzarətin zəifləməsi müşahidə edilib. Süni intellekt insanın özü tərəfindən hiss edilməyə bilən bu və digər akustik xüsusiyyətlərin məcmusunu təhlil edib.

7 319 yetkin şəxs üzərində aparılan yoxlama zamanı alqoritm halların 80%-də diabeti olan şəxsi xəstəliyi olmayan şəxslə müqayisədə daha yüksək risk qrupuna aid edib.
Daha sonra nəticələr 801 iştirakçının qan analizləri ilə müqayisə olunub. Bu mərhələdə sistem diabeti olan şəxslərin 82%-ni düzgün müəyyən edib.
Alqoritm iştirakçıları aşağı, orta və yüksək risk qruplarına da ayırıb. Süni intellektin aşağı risk qrupuna daxil etdiyi iştirakçıların heç birində qan analizi diabet və ya prediabet göstərməyib.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə səs analizi telefon və ya mobil tətbiq vasitəsilə sürətli ilkin diabet skrininqi üçün istifadə oluna bilər.

