ABŞ-da 68-ci “Grammy” mükafatlarının təqdimetmə mərasimi keçirilib. İlin ən yaxşı albomu nominasiyasında qalib Bad Bunnynin “Debí Tirar Mas Fotos” albomu olub. Bu, “Qremmi” tarixində ispan dilində olan albomun ilk dəfə əsas mükafatı qazanması ilə yadda qalıb.
“İlin səsyazması” mükafatı Kendrick Lamar və SZAnın ifa etdiyi “Luther” mahnısına verilib. “İlin mahnısı” nominasiyasında isə Billie Eilishin “Wildflower” əsəri qalib gəlib. “Ən yaxşı yeni ifaçı” adına Olivia Dean layiq görülüb.
Gecənin ən çox mükafat alan sənətçilərindən biri Kendrik Lamar olub. O, ümumilikdə daha dörd “Qremmi” qazanaraq, 26 mükafatla tarixdə ən çox titul qazanan rep ifaçısı statusunu əldə edib və Jay-Zni geridə qoyub. Lady Gaga isə mərasimdən iki mükafatla ayrılıb.
Bu il “Qremmi” tarixində daha bir ilk yaşanıb. Steven Spielberg “John Williamsın Musiqisi” filmi ilə prodüser kimi “Qremmi” mükafatına layiq görülüb və bununla da EGOT — ABŞ-ın dörd əsas mükafatını (Emmy, Grammy, Oscar, Tony) qazanan nadir şəxslərdən birinə çevrilib.

