“Saved by the Bell” serialında direktor Riçard Beldinq obrazı ilə tanınan aktyor Dennis Haskins 75 yaşında vəfat edib.
Bu barədə aktyorun agenti Cey Şaxter Variety nəşrinə bildirib.
Haskins “Saved by the Bell” ilə yanaşı, “A Million Ways to Die in the West”, “Bennett’s Song Holiday”, “Trailer Park Shark”, “Jennifer Falls” və digər film və televiziya layihələrində rol alıb.
Aktyorun agenti onun ölümünü ağır itki adlandırıb.
“Bu, faciəvi itkidir. Hamı mister Beldinqi sevirdi, Dennisi şəxsən tanıyanlar isə onu daha çox sevirdilər. O, gözəl insan idi və pərəstişkarlarını çox sevirdi. Nə olursa-olsun, onlara həmişə vaxt ayırırdı. O, 20 ildən çox mənim müştərim və əziz dostum olub. Onun üçün çox darıxacağam. Ürəyim parçalanıb”, – deyə Şaxter bildirib.
Burbank şəhərində yerləşən və Haskinsin tez-tez baş çəkdiyi Dimples Karaoke barının paylaşımında isə aktyorun təxminən səkkiz il əvvəl xəstələndiyi və səhhətindəki problemlər barədə ictimaiyyətə danışmaq istəmədiyi qeyd olunub.

