Dünyanın ən böyük rəqəmsal yayım platformalarından biri olan Netflix artan rəqabət və böyümə tempinin zəifləməsi fonunda dünya üzrə təxminən 1000 əməkdaşını işdən çıxarmaq qərarına gəldi.
Reuters agentliyinin məlumatına görə, ixtisarlar şirkətin ümumi işçi qüvvəsinin təxminən 6 faizini əhatə edəcək. Bu, Netflix-in 2022-ci ildən bəri həyata keçirdiyi ən böyük işçi ixtisarı olacaq.
Qərarın əsasən məhsul inkişafı, texnologiya, hüquq və insan resursları şöbələrində çalışan əməkdaşlara təsir göstərəcəyi bildirilir.
Şirkətin baş icraçı direktorları Ted Sarandos və Qreq Peters əməkdaşlara ünvanladıqları məktubda bu addımın gələcək inkişaf istiqamətlərinə daha səmərəli sərmayə yatırmaq məqsədi daşıdığını açıqlayıblar.
Rəhbərlik Netflix-in maliyyə baxımından güclü mövqeyini qoruduğunu və illik proqnozlarına uyğun irəlilədiyini vurğulayıb.
Şirkətin 2025-ci ilin sonuna olan məlumatlarına əsasən, Netflix-də təxminən 16 min tamştat əməkdaş çalışırdı.
Son illərdə Netflix təkcə Disney+ və Amazon Prime Video kimi ödənişli yayım xidmətləri ilə deyil, həm də YouTube, TikTok və Instagram kimi platformalarla izləyicilərin diqqəti uğrunda mübarizə aparır.
Xüsusilə pulsuz video məzmunların və qısa videoların populyarlığının artması Netflix-in istifadəçiləri platformada daha uzun müddət saxlamaq imkanlarına təsir göstərir.
Analitiklər hesab edirlər ki, şirkətin əsasən ödənişli abunə modelindən asılı olması gələcək artım imkanlarını məhdudlaşdıra bilər.
Netflix rəqabət qabiliyyətini artırmaq məqsədilə reklam dəstəkli abunə paketlərini genişləndirir, canlı yayımlara, idman tədbirlərinə, videooyunlara və podkastlara sərmayə yatırır.
Şirkət eyni zamanda süni intellekt texnologiyalarından istifadəyə və mobil tətbiqində qısa video məzmunlarının inkişafına diqqət ayırır.
Bununla belə, yeni istiqamətlərin hələlik Netflix-in əsas abunə biznesindən asılılığını əhəmiyyətli dərəcədə azaltmadığı bildirilir.
Qeyd edək ki, Netflix 2022-ci ildə də abunəçi sayının azalmasından sonra iki mərhələdə ümumilikdə təxminən 450 əməkdaşını işdən çıxarmışdı.
Şirkətin son qərarı rəqəmsal əyləncə bazarında rəqabətin gücləndiyi və izləyici vərdişlərinin sürətlə dəyişdiyi bir dövrə təsadüf edir.

