İngiltərə Bankı strukturun optimallaşdırılması və xərclərin azaldılması məqsədilə yaxın aylarda 446 əməkdaşını – yəni ümumi heyətin təxminən 8 faizini – ixtisar etməyi planlaşdırır.
Bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, ixtisarlar qarşılıqlı razılıq əsasında həyata keçiriləcək və bankın bir çox yüksək vəzifəli əməkdaşı, o cümlədən bölmə rəhbərləri və direktorlar bu prosesə daxil olacaq.
Bildirilir ki, artıq könüllü şəkildə işdən ayrılmağa razılıq verən 75 əməkdaşın hər biri maksimum 150 min funt sterlinq (təxminən 200 min dollar) həcmində kompensasiya alacaq.
Kompensasiyanın məbləği işçinin son illik maaşının 10 faizinin işlədiyi illərin sayına vurulması əsasında hesablanıb. Orta hesabla ödəniş 81 min funt sterlinq, ümumi kompensasiya məbləği isə təxminən 36 milyon funt sterlinq təşkil edəcək.
Böyük birdəfəlik xərclərə baxmayaraq, İngiltərə Bankı hesab edir ki, ixtisarlar gələn maliyyə ilində təxminən 35 milyon funt sterlinq qənaət etməyə imkan verəcək və tənzimləyicinin büdcəsinə düşən yükü azaldacaq.

