“Fortitude” hərbi trillerinin yaradıcıları filmin rəqəmsal surətinin olduğu sərt diskin Netflix-in Los-Ancelesdəki ofisindən oğurlanmasından sonra şirkətə qarşı 105 milyon dollarlıq iddia qaldırıblar.
“The Guardian” yazır ki, oğurlanan daşıyıcılardan birində 45 milyon dollar dəyərində qiymətləndirilən filmin tam rəqəmsal nüsxəsi olub. Film Netflix-in reklam materiallarına maraq göstərməsindən sonra iyunda daxili baxış üçün şirkətə təqdim edilib. Prodüserlər baxış bitdikdən sonra faylların silinməsini tapşırıblar.
Netflix isə materialın təhlükəsizlik standartlarına uyğun şəkildə təhvil verilmədiyini əsas gətirərək məsuliyyət daşımadığını bildirib. Şirkət daxili araşdırma apardığını və filmin qanunsuz yayılmasının qarşısını almaq üçün pirat platformaların izlənməsini təklif etdiyini açıqlayıb.
İddiada qeyd olunur ki, Netflix əvvəlcə polisə məlumat verilib-verilmədiyi barədə yaradıcılarla informasiya paylaşmayıb. Daha sonra isə onlar özləri müraciət etdikdən sonra Los-Anceles polisinin prosesə cəlb olunması xahişinə qarşı çıxıb.
Prodüserlərin fikrincə, hadisə filmin satış perspektivlərini, beynəlxalq yayım strategiyasını və mükafat kampaniyasını ciddi təhlükə altına salıb. Onlar Netflix-in materialla düzgün davranmamasının 45 milyon dollardan çox sərmayəni riskə atdığını iddia edirlər.
“Fortitude” İkinci Dünya müharibəsi dövründə Britaniya kəşfiyyatının Londondakı əməliyyatlarından bəhs edən casus trilleridir. Filmdə Nicolas Cage, Matthew Goode, Michael Sheen və Ben Kingsley rol alıb, rejissoru isə Simon Westdir.

