Bakıda, Dənizkənarı Milli Parkda Zeytun Festivalı başlayıb. Oktyabrın 25-dək davam edəcək festivalda ziyarətçiləri müxtəlif zeytun məhsulları, konsertlər və əyləncəli tədbirlər gözləyir.
Festivalın əsas məqsədi Azərbaycanda zeytunçuluq ənənələrini tanıtmaq, yerli istehsalçıları dəstəkləmək və bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir.
Tədbir Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea”nın sponsorluğu ilə keçirilir.
Festival ərazisində qurulan pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları nümayiş etdirilir.
Üç gün ərzində ziyarətçilər üçün canlı musiqi, incəsənət nümayişləri, uşaqlar üçün əyləncə guşələri və ailəvi istirahət proqramları təşkil olunacaq.
Festivalın ilk günündə DJ Kamo çıxış edib.
Oktyabrın 24-də səhnəyə Rilaya, Mərdan Kazımov, Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva çıxacaqlar.
Oktyabrın 25-də isə “Wave band”, Teymur Süleymanbəyli, “Excellent band”, Azad Şabanov və Zamiq Hüseynov çıxış edəcəklər. Festivalın musiqi proqramını Xalq artisti Aygün Kazımova yekunlaşdıracaq.
Festivala giriş, eləcə də bütün konsert və əyləncə proqramlarında iştirak ödənişsizdir.

