Samuxda “III Ərik festivalı” keçiriləcək.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, festival 20 iyunda Samux parkında təşkil olunacaq.
Tədbirdə fermerlərin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının, o cümlədən əriklərin sərgi-satışı keçiriləcək. Bundan başqa, ərikdən hazırlanan mürəbbələr, şirələr və milli mətbəx nümunələri təqdim olunacaq.

Festival çərçivəsində müxtəlif əyləncəli tədbirlər və konsert proqramı da nəzərdə tutulub. Təşkilatçıların bildirdiyinə görə, tədbir həm yerli sakinlər, həm də bölgəyə gələn qonaqlar üçün yaddaqalan olacaq. Festival atəşfəşanlıqla başa çatacaq.
Festivalın məqsədi fermerlər və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, Samux rayonunda yetişdirilən ərikləri tanıtmaq, eləcə də rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

Qeyd edək ki, Samux Azərbaycanda ən çox ərik yetişdirilən rayonlardan biridir. Rayonda ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 növ ərik yetişdirilir. (azərtac)

