Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baxılır. Prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, müəllim Şəhla Kamilova dərsi bilmədiyi üçün şagirdə irad bildirib. Şagird isə bu iradı özünə qarşı hörmətsizlik kimi qəbul edib.
Bundan sonra yeniyetmə Bakı şəhərinin Rəsulzadə qəsəbəsində yerləşən evlərində atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını götürərək öz otağına aparıb. O, patronu darağa yerləşdirib və silahı çantasında gizlədib.
İttihamda qeyd olunur ki, şagird liseyə daxil olarkən gözətçi çantalara baxmadığı üçün tüfəngi rahatlıqla məktəbə keçirə bilib.
Daha sonra o, odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa daxil olaraq atəş açıb. Hadisədən sonra yeniyetmə oranı tərk edib.
Məhkəmədə şagird özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək niyyətində olmadığını bildirib.
Növbəti məhkəmə iclası iyulun 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllimin xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Şagirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə — xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd ittihamı elan olunub.

